Putinin reytinqi yenidən müharibədən əvvəlki səviyyəyə düşüb. Nə baş verir?

Şəklin mənbəyi, Sergei Bulkin/TASS
- Müəllif, Sergey Qoryaşko
- Vəzifə, BBC News Rusca
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
Sosioloqlar prezidentə olan etimad və bəyənmə reytinqlərində azalma qeydə alıblar.
Dövlət rəy sorğusu mərkəzi olan VTsIOM-un (Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi) sorğusu respondentlər tərəfindən Vladimir Putinin fəaliyyətinə verilən qiymətdə son iki ilin ən kəskin pisləşməsini göstərib.
Hakimiyyətin reytinqləri aprel ayından bəri düşür, eyni zamanda, sosioloqların müşahidələrinə görə, cəmiyyətdə təşviş hissi artır və bütün bunlar sentyabrda Dövlət Dumasına keçiriləcək seçkilər ərəfəsində baş verir.
VTsIOM-un sorğusunun nəticələrinə əsasən, prezidentin fəaliyyətini bəyənmə dərəcəsi bir həftə ərzində 3,5 faiz bəndi (70,4%-dən 66,9%-ə) düşüb.
Buna ilk diqqət çəkən «Agentstvo»* nəşri olub. Keçən dəfə analoji kəskin azalma yenə bir həftə ərzində və eyni dərəcədə (3,5 faiz bəndi) 2024-cü ilin avqustunda, Ukrayna hərbçilərinin Kursk vilayətinə daxil olması fonunda qeydə alınmışdı (77,1%-dən 73,6%-ə düşmüşdü).
Prezidentin reytinqlərindəki hazırkı eniş yaz fəslindən bəri davam edir: bunu bu və ya diqqətçəkən digər formada Rusiyanın hər üç əsas sosioloji xidməti qeydə alır: həm VTsIOM, həm Prezident Administrasiyası ilə əlaqəli olan FOM (İctimai Rəy Fondu), həm də «Levada-Centr»* .
Hər üç mərkəz fərqli sorğu metodologiyasından istifadə edir və anketlərdəki sualları fərqli şəkildə formalaşdırır, sosioloqların məlumatlarındakı fərqlər də məhz buradan qaynaqlanır.
Soğrular hansı metodologiyalarla aparılır?
Yazda Rusiya Prezidentinin reytinqlərində aprelin sonuna qədər yeddi həftə ərzində davam edən eniş qeydə alan VTsIOM, may ayında araşdırma metodologiyasını dəyişdi: əgər əvvəllər sorğular yalnız telefon vasitəsilə aparılırdısa, indi sosioloqlar respondentlərin yarısı ilə şəxsən rəy sorğusu keçirirlər.
Onlar bunu rabitədə yaranan problemlərlə izah ediblər. Nəticədə Putinin bəyənilmə reytinqi yüksəlib: aprelin ortalarında olan 65,6%-dən mayda 69,4%-ə və iyunda 70,4%-ə çatıb.
Respondentlər arasında yaşayış yeri üzrə sorğu keçirən FOM isə metodologiyanı dəyişməyib.
Onların məlumatlarına görə, respondentlərin 70%-i Putinin fəaliyyətini müsbət qiymətləndirir (iyunun ortalarından bəri beş faiz bəndi azalma).
Bu, Ukraynaya genişmiqyaslı müdaxilənin başlanmasından bəri prezidentin ən pis nəticəsidir (müdaxilədən əvvəl, 2022-ci ilin fevralında dövlət başçısının fəaliyyətini 64% bəyənirdi).
Mənzilləri tək-tək gəzərək sorğular aparan «Levada-Centr» isə iyun ayında Putini bəyənənlərin nisbətinin 74% olduğunu qeydə alıb və bu da Ukrayna ilə müharibənin başlanmasından bəri ən aşağı göstəricidir.
Reytinqin düşməsinə nə təsir edir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Politoloq Aleksandr Kınev* qeyd edib ki, müasir şəraitdə sorğu metodologiyası böyük əhəmiyyət kəsb edir: "Mənzilləri gəzərək keçirilən sorğular, faktiki olaraq, evdar qadınların və təqaüdçülərin, yəni mühafizəkar və cari həyata daha az inteqrasiya olunmuş insanların sorğusuna çevrilir".
Onun sözlərinə görə, telefon sorğularının seçimi isə daha təhsilli, daha gənc və daha mobil insanları əhatə edir: onlar hər şeyə daha tez reaksiya verir, baş verənlərə və informasiya mühitinə daha çox daxil olurlar.
Kremlə yaxın bir mənbənin BBC-yə verdiyi məlumata görə, hakimiyyətin reytinqləri iqtisadiyyatdakı vəziyyətin pisləşməsi, qiymət artımı, Ukraynanın Moskvaya və cəbhə xəttindən uzaqda yerləşən digər Rusiya regionlarına tez-tez təşkil etdiyi hava hücumları, eləcə də internetdəki bloklamalar fonunda enməyə başlayıb.
Mənbənin sözlərinə görə, məhz sonuncu amil reytinqlərin düşməsində əsas təkanverici qüvvə olub.
Kınev, eyni zamanda qeyd edib ki, respondentlərin "92%-i sosioloqların suallarına cavab verməkdən imtina edir" və indiki məlumatlar hakimiyyətə olan dəstəyin azalmasının hətta öz fikrini açıq şəkildə bildirməkdən qorxmayanlar arasında belə mövcud olduğunu göstərir.
Fokus-qrupların sorğu məlumatları rusiyalılar arasındakı əhval-ruhiyyənin daha etibarlı mənzərəsini ortaya qoya bilərdi, lakin hazırda bu növ araşdırmalara çıxış yoxdur.
"Şəxsi reytinqlər sədaqət sınağı kimi qəbul edildiyi və insanlar müəyyən bir məmurun və ya partiyanın lehinə, yaxud əleyhinə olduqlarını birbaşa bildirməkdən çəkindikləri üçün problemli olduqda, dolayı reytinqlər - narahatlıq və pessimizm səviyyələri - bir göstəricidir. Onlar baş verənlərin ümumi mənzərəsini daha yaxşı başa düşməyimizə kömək edir".
FOM-un məlumatlarına görə, hazırda rusiyalıların yarıdan çoxu öz qohumları, dostları, həmkarları və tanışları arasında təşvişli əhval-ruhiyyənin üstünlük təşkil etdiyini hesab edir: bu göstərici yalnız 2022-ci ilin payızında, Putin qismən səfərbərlik elan etdiyi zaman daha yüksək olub (həmin ilin oktyabrında təşviş səviyyəsi 70%-ə qalxmışdı).
Kınevin sözlərinə görə, respondentlər prezidentə verdikləri dəstək haqqındakı suallarla müqayisədə, bu cür suallara dürüst cavab verməkdən daha az qorxurlar.
Seçkilər ərəfəsində bu, təhlükəlidirmi?
BBC-nin rəyini öyrəndiyi həmsöhbətlər indiki şəraitdə hakimiyyətin reytinqlərinin düşməsinin Dövlət Dumasına keçiriləcək seçkilərin nəticələrinə təsir edəcəyinə şübhə ilə yanaşırlar: seçkilər 18–20 sentyabr tarixlərində baş tutacaq.
Kınev indiki şəraitin 2018-ci ildəki vəziyyətdən bir neçə fərqini sadalayıb: həmin vaxt pensiya islahatı və Putinin dəstəyinin azalması fonunda, Kremlə yaxın namizədlər üç regionda qubernator seçkilərini uduzmuşdular.
Politoloqun sözlərinə görə, birincisi, hakimiyyət tətbiq etdiyi məhdudiyyətlər və qadağalar vasitəsilə seçkilər üzərindəki nəzarəti tamamilə məhv edib: müşahidəçilərin imkanları kəskin şəkildə azaldılıb.
Rusiyada seçkiləri müşahidə edən ən tanınmış təşkilat — «Qolos» (Səs) hərəkatı, rəhbərlərindən biri Qriqori Melkonyantsın məhkəmə qərarı ilə beş il müddətinə həbs edilməsindən sonra, hələ bir il əvvəl 25 illik fəaliyyətinin ardından buraxıldığını elan etmişdi.
Kınev əlavə edir ki, seçki məntəqələrində «Qolos»un müşahidəçiləri həmişə partiya və ya namizədlərin müşahidəçilərindən daha az olub.
Sonuncuların da imkanları xeyli məhdudlaşıb: onların bir məntəqədən digərinə hərəkət etməsi və bir-birini əvəzləməsi artıq daha çətindir.
"Xüsusi hərbi əməliyyat şəraitində heç kim heç nəyə reaksiya verməyə hazır deyil, hətta [məntəqələrdə] ağlasığmaz şeylər baş versə belə. Hakimiyyət nəticələr baxımından yalnız, belə deyək, kimdəsə qalıbsa, namus və ləyaqət mülahizələri ilə, həmçinin elitanın mürəkkəb quruluşa malik olduğu regionlarda balansı pozmaq riskləri ilə məhdudlaşır", - deyə Kınev əlavə edib.
İkincisi, Kreml üçün vəziyyət, elə həmin 2018-ci illə müqayisədə, hakimiyyətin "istənilən şəxsi seçkilərdən kənarlaşdırmaq" üçün geniş imkanlarının olması səbəbindən daha təhlükəsizdir, Kınev bildirib:
"Səni istənilən gün xarici agent elan edə bilərlər: onların isə namizədliyini irəli sürməsi qadağandır. Seçkilərdə iştirak hüququnu həm də ekstremist simvolların paylaşılmasına görə kəsilən cərimə səbəbindən itirmək olar: hakimiyyət isə istənilən şeyi belə bir simvol kimi tanıya bilər".
"Hesab etmirəm ki, hakimiyyət bu vəziyyəti özü üçün təhlükəli və ya kritik hesab edir. Aydın məsələdir ki, iqtisadiyyat, internetin məhdudlaşdırılması və ilk növbədə benzin fonunda ümumi neqativliyin artması var.
Hakimiyyət bunun alternativ siyasi tələblərə çevrilməyəcəyinə ümid edir", - deyə politoloq Mixail Vinoqradov BBC-yə bildirib.
O, həmçinin qeyd edib ki, 2018-ci ildən bəri səsvermə üzərində inzibati nəzarətin səviyyəsi daha da yüksəlib.
"Müxalifətçi siyasətçilərin diqqət, maraq cəlb etmək, yəni məhz alternativ tələb formalaşdırmaq bacarığı isə o qədər də yüksək deyil, - politoloq deyib. - Müxalif partiyalar daha ehtiyatlı davranır və leqal siyasi sahədəki yerlərini qoruyub saxlamağa çalışaraq, hansısa bir alternativ reputasiyasına iddia etmirlər".
Vinoqradov əmindir ki, hakimiyyətə qarşı neqativ münasibətdə olan insanlar, daha çox özlərini növbəti acizlik dalğasına qərq edəcəklər, siyasətdə coşqunun artması və onun romantikləşdirilməsi isə baş verməyəcək.
Ekspert əlavə edib: "Əgər romantikləşmə yaransa belə, səsvermə nəticələrinin qeydə alınması sisteminə inzibati təsir imkanları da mövcuddur".
Rusiya regionlarından birinin rəhbərliyində təmsil olunan BBC-nin həmsöhbəti etiraf edir ki, indiki şəraitdə Dövlət Dumasına seçki kampaniyası aparmaq "çətindir, lakin kritik deyil".
"Sözsüz ki, qarşıya tapşırıqlar [seçici fəallığı və nəticələrlə bağlı] qoyulur, lakin biz rasionallıqdan çıxış edirik. Zərər vura biləcək heç bir şey etməyəcəyik", - deyə o bildirib.
Onun fikrincə, çətinliklər insanları hakimiyyətdən uzaqlaşdırmır, əksinə, onlara sığınmağa məcbur edir.
"Rusiyanın rəqiblərinin ölkəyə və onun hər bir sakininə qarşı nümayiş etdirdiyi birmənalı aqressiya hər kəsin beynində prioritetləri dəqiq müəyyən edir. Heç kim "əgər belə olsaydı" kateqoriyaları ilə düşünmür. Rəqiblər gələcəyin qaranlıq mənzərəsini cızırlar. Heç kim buna səs verməyəcək",- deyə BBC-nin həmsöhbəti qeyd edib.
O, etiraz potensialı da görmür: "Etiraz o zaman yaranır ki, problemdə təqsirli olan tərəf yaxınlıqda olsun, etirazın özü isə məsələnin həllinə yönəlsin. Əgər söhbət müharibə və qarşıdurma burulğanından gedirsə, insanlar bu faktora təşvişlə, lakin xarici bir partlayış olmadan yanaşırlar", - o, əminliklə bildirir.
Kınev də etirazın mümkünlüyünə şübhə ilə yanaşır: "İnsanların durduq yerə gedib barrikada qurması yalnız nağıllarda olur. Təşkilatçılar olmadıqda heç bir inqilabi hadisə baş vermir. Mütəşəkkil etiraz üçün hansısa elitar qüvvə lazımdır. O olmadan hər bir etiraz dağılıb gedəcək. Bilik, əlaqələr, resurslar, loqistika - bütün bunlar hər zaman elita nümayəndələrinin əlində olur".
Bununla belə, onun fikrincə, elitada ziddiyyətlər mövcuddur və onlar ölkədəki vəziyyətin həm iqtisadiyyatda, həm siyasətdə, həm də xarici siyasətdə strateji inkişafına fərqli yanaşmalarla bağlıdır. "Əgər vəziyyət pisləşməyə doğru getsə, bu münaqişələr daha da böyüyəcək", - politoloq xəbərdarlıq edib.
BBC müxbiri Svyatoslav Xomenko Ukraynanın məqsədləri haqqında
Baş verənlərin ən əsas nəticəsi çoxlu ukraynalının döyüş ruhunun yüksəlməsidir.
Çətin ki, kimsə Rusiyanın neft emalı zavodlarına (NEZ) və ya hərbi-sənaye kompleksi (HSK) müəssisələrinə endirilən zərbələrin təkbaşına müharibəni bitirməyə qadir olduğuna inansın. Amma buradakı məsələ uzunmüddətli proqnozlar deyil, cəmiyyətin buradakı və indiki əhval-ruhiyyəsinin dəyişməsidir.
Ukrayna sərhədindən yüzlərlə və minlərlə kilometr uzaqlıqda yerləşən şəhərlərdən gələn görüntülər göstərir ki, Rusiyanın rəqibin arxa cəbhəsinə zərbələr endirmək üzrə mütləq monopoliya sahibi olduğu dövr artıq geridə qalıb.
Ukrayna indi nəinki diş qabarda bilir, həm də Rusiyaya "uzaqmənzilli sanksiyalar" tətbiq edərək tamdəyərli cavablar verir.
Ukrayna cəmiyyəti müharibənin bu cür transformasiyasına çoxsaylı memlərlə -Moskva üzərindəki tüstü sütunları, yanacaqdoldurma məntəqələrindəki növbələr, Krımda baş tutmayan kurort mövsümü haqqında zarafatlarla reaksiya verir.
Bəzən bu memlər qara yumor kateqoriyasına aid olur, lakin genişmiqyaslı müdaxilənin beşinci ilində müharibənin gəldiyi yerə necə qayıtdığını seyr edən ukraynalıları buna görə qınamaq çətindir.
Arxa cəbhəyə endirilən zərbələrin təkbaşına qələbə gətirməyəcəyini Ukraynanın hərbi-siyasi rəhbərliyi də anlayır.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bu yaxınlardakı müsahibəsində qeyd edib: müharibədə hələ ki, hər hansı bir dönüş nöqtəsindən söhbət getmir, lakin Rusiya qoşunlarının tükənmə əlamətlərini artıq görürük.
Və dərhal "təvazökarlıqla" əlavə edib: bax, nə vaxt Ukrayna qüvvələri quruda gündə 18–20 kilometr irəliləyə bilsə, o zaman dönüş nöqtəsindən danışmaq mümkün olacaq.
Ciddi danışsaq isə, Kiyevdə bildirirlər: Ukrayna Müdafiə Qüvvələrinin uzaqmənzilli zərbələrinin məqsədi Rusiyanı danışıqlar masasına oturtmaqdır.
İstanbul fikir ayrılıqlarına, Ankoric qarşılıqlı anlaşmalarına və ya Putinin «Novorossiya» oxunuşuna deyil, həqiqi danışıqlara.
Ukraynanın mövqeyi hazırda maksimum dərəcədə konkret səslənir: təmas xəttində atəşin dərhal dayandırılması, daha sonra isə müharibədən sonrakı birgəyaşayış barədə söhbət.
Bununla belə, bu yaxınlarda Ukraynanın BMT-dəki səfiri Andrey Melnik qeyd edib: əgər bu təklifə cavab gəlməzsə, Kiyev onu geri götürəcək və bu, Ukraynanın özünü daha zəif mövqedən çıxış edən bir danışıqlar tərəfi kimi görmədiyinin növbəti sübutudur.
Hələ ki, Moskvadan cavab gəlmir və Kiyevdən artıq növbəti addımların anonsları eşidilir: "Rusiyaya qarşı 40 günlük təsir əməliyyatı", oradakı aqrarlar üçün məhsul yığımı kampaniyasının pozulması, Krımın logistik mənada bir adaya çevrilməsi, təcavüzkar ölkənin sakinləri üçün "çətin qış". Hələ bir il əvvəl bu vədlər boş boğazlıq kimi görünə bilərdi. İndi isə yox, Kapotnya üzərindəki tüstü yalan danışmağa qoymaz.


























