You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Menstruasiya ağrıları üçün doğru dərman hansıdır?
- Müəllif, Michelle Roberts
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 3 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Britaniyada supermarketlərdə satılan dərmanlar üzərində aparılan genişmiqyaslı bir araşdırmaya görə, qadınlar menstruasiya sancıları üçün ən effektiv ağrıkəsicidən istifadə etməmiş ola bilərlər.
Kassa qəbzlərinə əsaslanan araşdırma, adı açıqlanmayan bir supermarket şəbəkəsində on il ərzində 211 milyon əməliyyatı əhatə edən məlumatları emal edib.
Tədqiqat, tampon və gigiyenik bezlərlə birlikdə ən çox satın alınan ağrıkəsicinin parasetamol olduğunu ortaya çıxarıb.
Lakin ekspertlər bildirirlər ki, ibuprofen əzələ spazmlarını aradan qaldırmaqda daha effektiv olduğu üçün bir çox insan üçün daha yaxşı bir seçim ola bilər.
Araşdırmaçıların fikrincə, alış-verişlər menstruasiya ağrısının "miqyası və təsirini", həmçinin insanların bununla necə mübarizə apardığını göstərir və bu mövzuda kifayət qədər tədqiqat mövcud deyil.
İbuprofen niyə daha yaxşı bir seçim ola bilər?
Tədqiqatçılar parasetamolun insanların daha çox tanıdığı və vərdiş etdiyi bir dərman olduğu üçün üstünlük təşkil edə biləcəyini ehtimal edirlər.
Parasetamol təsirli bir ağrı kəsici olsa da, ibuprofen menstrual ağrı üçün daha yaxşı bir seçim ola bilər, çünki o, uşaqlıqda əzələlərin spazmına səbəb olan prostaglandinlərin, kimyəvi maddələrin istehsalını bloklayır.
Bunun əksinə olaraq, parasetamol əsasən beyində fəaliyyət göstərərək ağrı siqnallarını bloklayır; bu da onu baş ağrıları üçün yaxşı bir seçim edir.
O, həmçinin yüksək qızdırmanı salmağa kömək edir, buna görə də, məsələn, qrip olduqda faydalıdır.
Tədqiqatçılar 2006-2015-ci illər arasında 3,4 milyon insanın alış-verişini təhlil ediblər.
PLoS Digital Health jurnalında dərc olunan araşdırmaya görə, menstruasiya məhsulları satışının bir çoxunda istehlakçılar həm də bir ağrıkəsici almışdılar.
Bu dərmanların təxminən üçdə ikisində parasetamol, qalan üçdə birində isə ibuprofen var idi.
Bristol Universitetinin birgə tədqiqatçısı Dr. Anya Skatova qeyd edib ki, bu məlumatlar ölkənin ümumi mənzərəsini tam əks etdirmir.
Lakin o, bunun qadınların menstruasiya ağrısı üçün nə satın aldıqlarına dair bəzi ehtimallar verdiyini bildirib.
Menstruasiya ağrısı necə azaldıla bilər?
Çox vaxt sancılar, menstruasiya dövründə uşaqlıq əzələsinin daxili təbəqəsini xaric etməsinə kömək etmək üçün yığılması ilə yaranan normal bir prosesdir.
Bu müddət ərzində orqanizm prostaqlandin adlı hormon bənzəri maddələr istehsal edir.
Bu maddənin daha yüksək səviyyədə ifraz olunması daha şiddətli menstruasiya spazmları ilə əlaqələndirilir.
Britaniyanın Nottingem Universitetinin tədqiqatçısı Prof. Ceyms Qoldinq bu mövzuda ictimai səhiyyə baxımından mühüm bir maarifləndirmə imkanının olduğunu vurğulayıb və menstruasiya ağrısına yönəlmiş araşdırmaların çatışmazlığına diqqət çəkib.
BBC-yə danışan Qoldinq, "Kişilər menstruasiya sancısı çəksəydi, bu gün bu mövzuda qat-qat çox məlumata sahib olardıq" demək şişirtmə olmaz", - deyə əlavə edib.
İbuprofen, şişkinliyi azaltmaqla yanaşı, ağrını yüngülləşdirən və həmçinin prostaqlandinləri aşağı salan, qeyri-steroid iltihabəleyhinə bir dərmandır.
Parasetamol isə bu cür iltihabəleyhinə xüsusiyyətlərə malik deyil.
"Endometriosis UK" adlı xeyriyyə təşkilatının bildirdiyinə görə, bədən prostaqlandin istehsal etməzdən əvvəl, yəni menstruasiya və ya ağrı gözlənilən gündən bir və ya bir neçə gün əvvəl ibuprofeni qəbul etməyə başlamaq ən yaxşı üsuldur.
Britaniya Milli Səhiyyə Xidməti (NHS) qeyd edir ki, əgər gündəlik fəaliyyətinizə mane olan və ya sizi narahat edən şiddətli menstruasiya ağrıları yaşayırsınızsa, mütləq həkimə müraciət etməlisiniz.
Çünki bunun səbəbi endometrioz və miyom kimi başqa bir sağlamlıq problemi ola bilər.
Hər bir dərmanda olduğu kimi, ağrıkəsici həblər də yan təsirlərə səbəb ola bilər.
İbuprofen hər kəs üçün uyğun deyil. Hər hansı bir dərmanı qəbul etməzdən əvvəl qablaşdırmanın içindəki məhsul məlumatlarını yoxlayın.