Saçınızı gündə neçə dəfə və necə daramalısınız?

    • Müəllif, Sofia Quaglia
    • Vəzifə, BBC Future
  • Çap edildi
  • Oxuma vaxtı: 6 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Saçlarımı necə saxlayacağıma qərar verəcək yaşa gəldiyimdən bəri saçlarım kürəyimin ən aşağı hissəsinə qədər uzanırdı.

Uşaq ikən fürsət tapdığım hər an saçlarımı darayırdım: səhər oyanan kimi, hamama hər getdiyimdə və hətta ev tapşırıqları arasında bir az fasilə vermək istədiyimdə belə.

Durmadan saçlarımı darayarkən ağlıma 1800-cü illərdə yaşamış Avstriya imperatriçası Sisi gələrdi.

Mənimki kimi düz, qəhvəyi saçları vardı, amma saçları topuqlarına qədər uzanırdı.

Deyilənlərə görə, saçlarını sağlam saxlamaq üçün hər gecə 100 dəfə darayırmış. (Bu hekayəyə illərlə inandım. Lakin bu məqaləni yazarkən böyük xəyal qırıqlığı ilə öyrəndim ki, bu, yəqin ki, dünyanın dörd bir tərəfindəki nənələr tərəfindən nəsildən-nəslə ötürülən bir şəhər əfsanəsindən ibarətdir.)

Artıq yetkinəm və saçlarımı yalnız duş qəbul edərkən yaxşıca darayıram. Bunun xaricində demək olar ki, heç daramıram. Yenə də saçlarımın görünüşü, ən azından mənim fərq edə bildiyim qədərilə, elə də dəyişməyib.

Bunun səbəbi budur: Viktoriya dövründən qalan hekayələrin bir az həqiqət payı ola bilər, lakin saçınızı nə qədər tez-tez daradığınıza dair elmi faktlar bir qədər mürəkkəbdir.

Bu sualın cavabını anlamağa çalışanlar arasında fiziklərdən bərbərlərə qədər bir çox insan var. Çünki doğru cavab; saç tipinizə, istifadə etdiyiniz darağa, qulluq rutininizə və başqa bir çox amilə bağlıdır.

Gəlin, saçınızı necə doğru şəkildə darayacağınıza nəzər salaq.

Tarix boyu daraq

Daraqlar və saç fırçaları, dolayısıyla saç qulluğu vərdişi, tarixdən əvvəlki dövrlərə qədər uzanır.

"The Hair Historian"ın (Saç tarixçisi) təsisçisi Rachael Gibsona görə, insanlar tarix boyu həm təmizlik, həm də bəzənmək məqsədilə əllərindəki materiallardan istifadə edərək alətlər hazırlayıblar.

Bu səbəbdən saç daramaq dünyanın dörd bir tərəfində mühüm bir təcrübə idi.

Saçı 100 dəfə daramaq ideyası böyük ehtimalla Viktoriya dövründə ortaya çıxıb. O dövrdə qadınlar, sosial gözləntilər səbəbindən uzun saçlara sahib idilər.

Gibsona görə, saçlar onların "tacları" olaraq görülür və qadınlıqlarının, hətta sosial dəyərlərinin mühüm bir hissəsi hesab olunurdu.

O dövrün saç qulluğu rutini, adətən, ilk növbədə saçın daraqla açılmasını ehtiva edirdi. Beləliklə, düyünlər açılır, saçdakı çirk, qalıqlar, bit və sirkə təmizlənirdi.

Ardından, adətən, qaban tükündən hazırlanmış təbii tüklü bir fırça ilə saç fırçalanır, bununla da saçın səthi hamarlaşdırılır, qulluq edilir və təbii yağların saç boyu paylanması təmin olunurdu.

Gibsona görə, aristokrat Viktoriya dövrü qadınları həmçinin qopan saç tellərinin geyimlərinə tökülməsinin qarşısını almaq üçün xüsusi pelerinlər istifadə edirdilər.

Toplanan saç telləri daha sonra saxlanılır və saç modellərinə həcm və forma qazandırmaq məqsədilə "ölü saç şinyonları" adlanan hissələr düzəltmək üçün istifadə olunurdu.

1898-ci ildə ABŞ-ın Ohayo ştatından olan afrika-amerikalı bərbər Lyda Newman, sintetik tüklərə malik ilk saç fırçasını icat etdi.

Bu ixtira fırçaların daha ucuz və daha asan istehsal oluna bilməsini təmin edərək sektorda inqilab etdi.

Saç fırçalarının yayılması ilə yanaşı, yanlış məlumatlar da sürətlə yayıldı.

Saçın qarışıq fizikası

Məsələn, saçın tez-tez daranmasının saçın uzanmasını sürətləndirdiyi fikrinə baxaq.

2025-ci ildə keçirilən bir sorğuda iştirakçıların 46 faizindən çoxu hələ də bu iddiaya inanırdı.

Lakin ABŞ-ın Kaliforniya ştatında bir bərbər salonunun sahibi olan Nikki Corzine-a görə, bu, tamamilə bir əfsanədir.

Corzine, saçınızı daha tez-tez darayaraq daha sürətlə uzada bilməyəcəyinizi söyləyir.

Hətta saç qulluğunun saç üzərindəki təsirlərini dəqiq düsturlarla araşdıran alimlər, həddindən artıq daramanın saça zərər verə biləcəyini və saç itkisinə yol açacağını irəli sürürlər.

Bir tədqiqat qrupu, iki saç telinin bir-birinə dolaşaraq düyün yaratdığı və ardınca bu düyünün açılmağa çalışıldığı anı təqlid edən bir təcrübə hazırladı.

Nəticələrə görə, daha çox darama, xüsusilə qırıq uclara meyilli insanlarda saçın daxili strukturunda çatların yaranmasına səbəb oldu.

Daha sağlam saçlar bu təzyiqə daha davamlı olsa da, təkrarlanan gərilmə nəticədə onların da qırılmasına gətirib çıxardı. Bu dəfə çatlar saçın xarici səthindən daxilinə doğru irəliləyirdi.

Tədqiqatın müəlliflərindən biri, İrlandiyadakı Trinity College Dublin-də mühəndislik professoru olan David Taylor belə deyir:

"Biz bunun qırıq ucların əsas səbəbi olduğuna inanırıq. Çünki bu vəziyyətdə saç çox bükülür və normaldan daha yüksək gərilmələrə məruz qalır".

Taylora görə, saç nə qədər çox daranırsa, zərər görmə ehtimalı da bir o qədər artır.

Ancaq əsl mühüm olan şey daraq zərbələrinin sayından çox, darayarkən tətbiq olunan qüvvədir.

Saç qırılmalarına dair müxtəlif statistik analizlər aparan TRI Princeton saç araşdırma təşkilatından Trefor Evans da təkrarlanan saç qulluq prosedurlarının "toplanan yorğunluq zədəsi" yaratdığını göstərdi.

Bununla belə, Evans, laboratoriya mühitində əldə edilən nəticələrin gündəlik həyatdakı təsirləri eynilə əks etdirməyə biləcəyini vurğulayır.

Ona görə də əksər insanlar üçün daramanın təsirləri; saç boyaları, kimyəvi prosedurlar və istiliklə formavermə kimi tətbiqlərin yaratdığı zədələrin yanında son dərəcə kiçik qalır.

Evans daramanın səbəb olduğu zədənin çox insan üçün "əhəmiyyətsiz" olduğunu və bunların "zədə okeanındakı bir neçə damla" hesab edilə biləcəyini qeyd edir.

Daramağın gizli faydaları

Corzine, "Zərif və şüurlu şəkildə saç fırçalamaq düşmən deyildir" deyir.

"Problem fırçalamağın özü deyil, necə fırçalamağınızdır."

Saçı müntəzəm olaraq fırçalamaq, zamanla yarana biləcək böyük düyünlərin, keçələşmələrin və dolaşıqlıqların qarşısını almağa kömək edir.

Beləliklə, saçınızı nəhayət fırçalamağa qərar verdiyinizdə sərt hərəkətlər etmək məcburiyyətində qalmır, daha az gərilmə tətbiq edir və daha az qırılmaya səbəb olursunuz.

Biokimyaçı Jared Reynolds da bu fikirlə razılaşır:

"Saçı həftədə bir dəfə sərt şəkildə daramağa çalışmaqdansa, gündə bir və ya iki dəfə müntəzəm şəkildə daramaq çox daha az zərər verir".

Lakin Reynolds, laboratoriya testlərinin gündəlik həyatın təbii şəraitini tam olaraq təqlid edə bilmədiyini də xatırladır.

Müntəzəm darama, həmçinin tökülmüş saç tellərinin, ölü dəri hissəciklərinin və baş dərisində yığılan qalıqların təmizlənməsinə kömək edir. Bunlar zamanla toplandıqda baş dərisini qıcıqlandıran bir mikro mühit yarada bilir.

Saçınızı necə daramalısınız?

Ən doğru üsul saç tipinizdən asılıdır.

  • Düz və dalğalı saçlar:

ABŞ-ın Mayami şəhərində bərbər salonu sahibi olan Nichola Lynchin sözlərinə görə, düz və ya dalğalı saçlara sahib olan əksər insanlar saçlarını həftədə ən azı üç dəfə daramalıdır. Hətta bəzi insanlar üçün gündə iki dəfə daramaq da uyğun ola bilər.

Reynolds və Corzine da saçın gündə bir və ya iki dəfə daraya biləcəyini deyirlər.

Lynchə görə, düz və ya dalğalı saç tipinə malik olan şəxslər saçlarını yaş ikən daramaqdan çəkinməlidirlər.

Yaş saç daha qalın və daha güclüymüş kimi hiss edilə bilər, lakin əslində daha zəifdir.

Bunun səbəbi saç telinin strukturunda gizlənir.

Bir saç teli mərkəzdə yerləşən korteks və onu əhatə edən kütikuldən ibarətdir. Kütikul, dırnaqlarımızın da strukturunda olan keratin maddəsindən ibarət olan və dam kirmitləri kimi üst-üstə düzülmüş incə təbəqələrdən meydana gəlir.

Düz və dalğalı saç islandıqda bu təbəqələrin kənarları yüngülcə açılır və saç elastikləşir. Lakin eyni zamanda qırılmağa və səthinin zədələnməsinə qarşı daha həssas hala gəlir.

  • Qıvrım və afro teksturlu saçlar

Çox qıvrım və ya afro teksturlu saçlara sahib olan insanlar üçün tövsiyə tam tərsinədir.

Bu saç tiplərində saç quru vəziyyətdə ikən daranmamalıdır; düyün açma prosesi yalnız saç yuyularkən edilməlidir.

ABŞ-ın Corciya ştatındakı Spelman College tərkibində çalışan kimya və biokimya profesoru Michelle Gaines, qıvrım və afro teksturlu saçların düz və dalğalı saçlardan fiziki olaraq çox fərqli xüsusiyyətlərə malik olduğunu söyləyir.

Gainesə görə, elmi araşdırmalar və saç qulluğu sektoru bu fərqlilikləri uzun müddət görməzdən gəlib.

Özü qıvrım saç tiplərini elmi olaraq təsnif etməyə yönəlmiş bir üsul hazırlayıb və saç telləri daha qıvrım, sıx qıvrımlı və ya afro teksturlu olduqca bəzi kimyəvi bağların dəyişdiyini müəyyən edib.

Bu vəziyyət saç tellərinin davamlılığına və qırılmağa meyilliliyinə təsir göstərir.

Gainesin ilk təcrübələri həmçinin göstərir ki, qıvrım anisotropyasına malik və afro teksturlu saçlarda kütikul təbəqələri daha kiçik, bir-birinə daha yaxın və kənarları daha kələ-kötür ola bilər. Bu səbəbdən həmin saçlar rütubəti daha çətin saxlayır və daha asan düyünlənib zədələnə bilir.

Lakin bu nəticələrin təsdiqlənməsi üçün daha çox araşdırmaya ehtiyac var.

Doğru növ daraq seçmək vacibdir

Buna əlavə olaraq, cəmiyyətdəki gözəllik anlayışları səbəbindən bu saç tipləri tərəfindən adətən daha çox prosedur tətbiq olunur.

Davamlı darama, düzləşdirmə, kimyəvi yumşaltma və əlavə saç hörükləri kimi tətbiqlər saçın daha çox zədələnməsinə yol aça bilir.

Bu səbəbdən Gaines saçınızı qorumaq üçün düyün açıcı məhsullardan istifadə etməyinizi tövsiyə edir. Beləliklə, daraq və ya fırça saçın içindən daha rahat keçə bilir.

Saç tipiniz nə olursa olsun, doğru növ daraqdan istifadə etdiyinizdən əmin olun.

Çünki ekspertlərə görə, saç qulluğunda ən mühüm məsələ saçı nə qədər tez-tez daramağınızdan çox, saçınıza nə qədər ehtiyatlı davranmanızdır.