Futbol: Dünya Çempionatının qalibi İspaniya oldu - finalçılar bu mərhələyə necə gəldi?

Çap edildi
Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İspaniya 2026 Dünya Kubokunun finalında 10 nəfərlə qalan Argentinanın müqavimətini Ferran Torres-in əlavə vaxtda vurduğu qolla qırdı və çempion oldu.

Avropa çempionu İspaniya son Dünya Kubokunun qalibi Argentina ilə qarşılaşmada matçın ən mühüm qol imkanlarını yaradan tərəf idi.

Argentina isə daha çox rəqibin oyununu pozmağa çalışdı.

Enzo Fernandez oyun uzadılmamışdan az əvvəl qırmızı vərəqə aldı.

İspaniyaya kuboku qazandıran futbolçu Ferran Torres oldu.

Torres 106-cı dəqiqədə sonradan oyuna daxil olan Nico Williams-ın başla ötürməsindən sonra topu nəzarətə götürərək yaxın məsafədən güclü zərbə endirdi və Argentina qapıçısı Emiliano Martinesi məğlub etdi.

Final gözləntiləri doğrultmadı və hər iki komandanın bir-birini yıpratmağa çalışdığı mübarizəyə çevrildi.

Lakin meydandan kənarda möhtəşəm şoular və dünya şöhrətli simalar bu Dünya Kuboku finalına damğa vurdu.

ABŞ Prezidenti Donald Trump matçdan əvvəl helikopter karvanı ilə Nyu-Cersiyə gəldi.

Madonna və Justin Bieber isə Dünya Kuboku tarixində ilk dəfə təşkil olunan fasilə şousunda səhnəyə çıxdılar. Şou səbəbindən fasilə 27 dəqiqəyə qədər uzandı.

Tez-tez fasilələrlə dayanan və tempi hec cür yüksəlməyən qarşılaşmada axıcı oyun ortaya çıxmadı.

Buna baxmayaraq, ilk hissədə Argentina qapıçısı Martinez Lamine Yamal və Mikel Oyarzabal-ın hücumlarını dəf etməli oldu.

İspan futbolçular, xüsusilə Alexis Mac Allister-ın Dani Olmo-ya müdaxiləsindən sonra hakim Slavko Vincic-ın yumşaq hakim idarəçiliyinə davamlı etiraz edirdilər.

Oyundakı ilk sarı vərəqə yalnız 40-cı dəqiqədə Lisandro Martinez-in Oyarzabal-ı yıxmasından sonra göstərildi.

"Manchester United"in müdafiəçisi qısa müddət sonra zədələnərək meydanı tərk etdi.

Əsas vaxtın əlavə olunmuş dəqiqələrində gərginlik artdı.

Daha əvvəl sarı vərəqə alan Enzo Fernandez İspaniya müdafiəçisi Pau Kubarsiyə nəzarətsiz şəkildə çırpıldıqdan sonra ikinci sarı vərəqəsini gördü və meydandan qovuldu.

Argentina yığmasının matç boyu seçilən futbolçusu qapıçı Martinez oldu.

Təcrübəli qapıçı əsas vaxtın son saniyələrində Lamine Yamalın cərimə zərbəsindən sonra möhtəşəm qurtarış edərək İspaniyanın qələbə qolunun qarşısını aldı.

Martinez əlavə vaxtda da Nico Williams-ın baş zərbəsini vacib müdaxilə ilə dəf etdi.

Daha sonra Williams topu qapıdan keçirsə də, Mikel Merino-nun Nicolas Otamendi-yə qarşı qayda pozuntusu etdiyi əsas gətirilərək qol hesab edilmədi.

Kubok mərasimi

Argentina pley-off mərhələsində Misir və İngiltərəyə qarşı geri düşdüyü oyunlarda qalib gəlməyi bacarmışdı.

Lakin bu dəfə eyni geri dönüşü reallaşdıra bilmədi.

İspaniya tarixdə ikinci dəfə kişilər arasında Dünya Kubokunun qalibi oldu.

Oyundan sonra keçirilən mükafatlandırma mərasimində yarışın fərdi mükafatları da təqdim edildi.

Dünya çempionu İspaniya digər bütün mükafatları da topladı. Bunlara kapitan Rodri-nin yarışın ən yaxşı oyunçusu seçilərək Qızıl Top mükafatını qazanması da daxil idi.

"Manchester City"nin 30 yaşlı yarımmüdafiəçisi Rodri turnuvanın ən yaxşı futbolçusu seçildi və mükafatını FIFA prezidenti Gianni Infantino-nun əlindən aldı.

O, daha əvvəl 2023-cü ildə Ballon d'Or mükafatını qazanmış, İspaniyanın İngiltərə üzərində final qələbəsindən sonra isə UEFA Euro 2024-ün ən yaxşı oyunçusu seçilmişdi.

Ən yaxşı ikinci oyunçu kimi Gümüş Top mükafatını Messi qazanarkən, Mbappe Bürünc Top mükafatının sahibi oldu.

Digər tərəfdən, Kylian Mbappe 2026-cı il turnirində ən çox qol vuran oyunçu mükafatını qazanaraq Dünya Kubokunun Qızıl Buts mükafatını iki dəfə qazanan ilk futbolçu oldu.

İspaniyalı Unai Simon səkkiz oyunda qapısında cəmi bir qol görərək turnirin ən yaxşı qapıçısına verilən Qızıl Əlcək mükafatına layiq görüldü.

Barcelona klubunun 19 yaşlı mərkəz müdafiəçisi Pau Cubarsi isə turnirin ən yaxşı gənc oyunçusu mükafatını aldı.

Mükafatların təqdim edilməsindən sonra Dünya çempionatının gümüş mükafatçısı olan Argentina futbolçuları bir-bir medallarını aldılar.

Onları çempion İspaniya yığmasının oyunçuları izlədi.

Medalları FIFA prezidenti Gianni Infantino və ABŞ Prezidenti Donald Trump təqdim edərkən, Meksika Prezidenti Claudia Sheinbaum Pardo və Kanadanın Baş naziri Mark Carney də podiumda futbolçuları təbrik etdilər.

Sonda kuboku Infantino və Trump birlikdə İspaniya komandasına təqdim etdilər.

İspaniyalı futbolçular kuboku başları üzərinə qaldıraraq sevinərkən, Trump bir müddət oyunçuların yanında qaldı. Daha sonra isə podiumu tərk etdi.

Komandalar finala necə gəldi?

Dünya Kubokunun favoritləri sırasında göstərilən İspaniya turnirə böyük sürprizlə başladı və bu səhnədə ilk dəfə yer alan Kabo-Verde ilə qolsuz heç-heçə etdi.

Bu matçdan sonra Səudiyyə Ərəbistanını 4-0, Uruqvayı isə 1-0 hesabı ilə məğlub edən İspaniya qrupunu lider kimi başa vurdu.

1/16 final mərhələsində Avstriyanı 3-0, 1/8 finalda isə Portuqaliyanı 1-0 hesabı ilə məğlub etdi və beləliklə, qapısını 600 dəqiqədən çox müddət ərzində toxunulmaz saxlayaraq Dünya Kuboku tarixində ən uzun müddət qol buraxmayan komanda oldu.

İspaniya dörddəbir finalda da təsirli oyun nümayiş etdirərək Belçikanı 2-1 hesabı ilə məğlub etdi.

Yarımfinalda isə turnirin favoritlərindən sayılan Fransanı rahat oyunla 2-0 hesabı ilə keçdi.

Dünya Kubokuna Əlcəzair üzərində 3-0, Avstriya üzərində 2-0 və İordaniya üzərində 3-1 hesablı qələbələrlə başlayan Argentina da qrup mərhələsində üç oyunun hamısını qazanan azsaylı komandalardan biri oldu.

İspaniya kimi, Argentina üçün də turnirin sürprizi Kabo-Verde oldu.

Argentinalılar 1/16 final mərhələsində Kabo-Verde ilə 2-2 heç-heçə etdilər və rəqiblərinin avtoqolları sayəsində əlavə vaxta qədər uzanan matçda qalib gəlməyi bacardılar.

Bu mərhələdən sonra onları 1/8 finalda daha dramatik qarşılaşma gözləyirdi.

Misirdən 2-0 hesabı ilə geridə qalan Argentina, son 14 dəqiqədə qollarla onları məğlub etməyi bacardı. Dörddəbir finalda İsveçrə ilə 1-1 hesabı ilə heç-heçə etdikdən sonra əlavə vaxtda 3-1 hesabı ilə irəli çıxmağı bacardılar.

Argentinalılar yarımfinaldakı rəqibi İngiltərəyə qarşı oyunun son mərhələlərində də güclərini nümayiş etdirdilər və 1-0 hesabı ilə geridə qaldıqdan sonra finala vəsiqə qazanmaq üçün son yeddi dəqiqədə iki qol vurdular.